Qanun

Geodeziya və kartoqrafiya haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin təşkilinin, idarə edilməsinin və onların nəticəsi olan elmi-texniki məhsulların, materialların və məlumatların (bundan sonra — materialların və məlumatların) hazırlanmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas termin və anlayışlar
Bu Qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir:
geodeziya — yer kürəsinin formasını, ölçülərini, qravitasiya sahəsini, yer səthindəki obyektlərin koordinatlarını və mütləq yüksəkliyini, onların zamandan asılı olaraq dinamik dəyişməsinin müəyyən edilməsi;
kartoqrafiya — yer səthinin qrafik təsvirinin öyrənilməsi, yaradılması və istifadəsi;
topoqrafiya — yer səthinin və onun ayrı-ayrı nöqtələrinin qarşılıqlı vəziyyətinin müəyyən edilməsi;
qravimetriya — yer kürəsinin müxtəlif nöqtələrinə düşən ağırlıq qüvvəsinin öyrənilməsi;
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondu — geodeziya və kartoqrafiya fəaliyyəti nəticəsində yaradılmış və istifadə üçün qorunub saxlanılan material və məlumatların toplusu;
xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqları və cihazları — dövlət sirri təşkil edən məlumat daşıyıcıları hazırlanmasında istifadə edilən yüksək dəqiqli geodeziya texnikası.
Maddə 2. Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində geodeziya və kartoqrafiya üzrə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 3. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin məqsəd və vəzifələri
Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasında geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti sahəsində dövlət siyasətini müəyyənləşdirmək, topogeodeziya işlərinin təşkilini, həyata keçirilməsini və idarə edilməsini tənzimləməkdir.
Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin vəzifələri Azərbaycan Respublikasında geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin və onların nəticəsi olan materialların və məlumatların hazırlanmasının və istifadənin vahid rejim və normativ-texniki sənədlər əsasında həyata keçirilməsinə hüquqi baza yatarmaqdır.
Maddə 4. Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin obyektləri və subyektləri
Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin obyektləri aşağıdakılardır:
Azərbaycan Respublikasının ərazisi;
Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;
Azərbaycan Respublikasının üzərindəki hava məkanı və təbii fəza cisimləri də daxil olmaqla, kosmik fəza.
Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri və vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslərdir.
Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində sahibkarlıq fəaliyyəti göstərmək və öz ehtiyaclarını ödəmək məqsədiləiştirak edirlər.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici müəssisələr, xarici investisiyalı müəssisələr, xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər geodeziya vəkartoqrafiya fəaliyyəti sahəsində hüquq münasibətlərində yalnız geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının istehsalçıları kimi iştirak edə bilərlər.
Maddə 5. Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının istehsalçıları və istehlakçıları
Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının istehsalçılarıdır.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici müəssisələr, xarici investisiyalı müəssisələr, xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının istehsalçıları ola bilməzlər.
Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının sifarişçiləri və istifadəçiləri həmin materialların və məlumatların istehlakçılarıdır.
Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinə sifarişlərin verilməsi, materialların və məlumatların əldə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 6. Geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatı
Geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
II fəsil
GEODEZİYA VƏ KARTOQRAFİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ İDARƏETMƏ
Maddə 7. Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri
Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
geodeziya və kartoqrafiya fəaliyyəti üzərində dövlət nəzarətinin zəruriliyi;
geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının dövlət qəbulunun, uçotunun və qeydiyyatının məcburiliyi;
dövlət kadastrı sahəsində bütün növ kadastrların əlaqələndirilməsi və uçotu;
geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, onların nəticəsi olan materialların və məlumatların hazırlanmasının vahid ölçmə sistemləri əsasında aparılması;
geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində və materialların istifadəsində dövlətin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi;
geodeziya və kartoqrafiya fəaliyyətinin beynəlxalq koordinatlar sistemləri ilə əlaqələndirilməsi və uzlaşdırılması;
geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının hazırlanmasının, istifadəsinin və mühafizəsinin sistemli qaydada idarə edilməsi.
Maddə 8. Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində dövlətin vəzifələri
Geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrinin, habelə qrafiki, rəqəmli, fotoqrafik və başqa formalıplanların yaradılması, yeniləşdirilməsi və nəşri;
dövlət topoqrafik xəritələrin və planların hazırlanmasının, ümumdövlət, müdafiə, elmi- tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılması, inkişaf etdirilməsi və işçi vəziyyətdə saxlanmasının təşkil edilməsi;
geodeziya və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthinin tədqiq edilməsi;
geodeziya və kosmik ölçmələr əsasında müntəzəm geodinamik müşahidələrin aparılması;
Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya və hidroqrafiya işlərinin həyata keçirilməsi;
dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması və ümumcoğrafi, siyasi-inzibati, elmi-məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlasların, kartoqrafiya-tədris vasitələrinin layihələşdirilməsi, tərtibi və nəşri;
vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarının təyin olunması;
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi xəritəsinin, o cümlədən topoqrafik və dəniz xəritələrinin hazırlanması;
geodeziya, topoqrafiya, qravimetrik, planalma, o cümlədən kosmik və aeroplanalma, xəritəçəkmə, xüsusi mühəndis-geodeziya işlərinin aparılması;
torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodezi istinadın yaradılması, topogeodeziya, kartoqrafiya və kadastr plan-xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı;
coğrafi adların dövlət dilinin normalarına uyğun olaraq qaydaya salınması və qeydiyyatının aparılması; [1]
geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin metroloji təminatı;
Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin geodeziya, topoqrafiya, kartoqrafiya və hidroqrafiya işləri nəticəsində delimitasiyası və demarkasiyası;
xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya, kartoqrafiya və planalma işlərinin aparılması;
geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının, məlumatlarının, avadanlıq və cihazlarının istehsalının təşkil edilməsi;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi.
Maddə 9. Dövlət geodeziya və kartoqrafiya xidməti
Azərbaycan Respublikasında dövlət geodeziya və kartoqrafiya xidməti geodeziya və kartoqrafiya fəaliyyətinin həyata keçirilməsindən, idarə edilməsindən və bu istiqamətdə fəaliyyət növlərinə dövlət nəzarətindən ibarətdir.
Dövlət geodeziya və kartoqrafiya xidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
III fəsil
GEODEZİYA VƏ KARTOQRAFİYA FƏALİYYƏTİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ
Maddə 10. Geodeziya və kartoqrafiya sahəsində dövlət tənzimlənməsi
Geodeziya və kartoqrafiya sahəsində dövlət tənzimlənməsi aşağıdakılardan ibarətdir:
geodeziya və kartoqrafiya sahəsində dövlət siyasətini həyata keçirmək;
geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlərə əməl edilməsinə nəzarət etmək;
geodeziya və kartoqrafiya materiallarının, məlumatlarının dövlət qəbulunu, uçotunu və qeydiyyatını aparmaq;
geodeziya, topoqrafiya və kartoqrafiya materiallarını və məlumatlarını sertifikatlaşdırmaq;
Azərbaycan Respublikasının operativ-məlumat xəritələrini aparmaq;
əsasını geodeziya, topoqrafiya və kartoqrafiya məlumatları təşkil edən bütün növ kadastrları əlaqələndirmək və uçotunu aparmaq;
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondunu yaratmaq və qorunub saxlanılmasını təmin etmək;
xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının uçotunu aparmaq;
geodeziya, topoqrafiya, kartoqrafiya, kosmik və aerofotoplanalma, qravimetriya, digər dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı mühəndis-geodeziya işlərini əlaqələndirmək;
kartoqrafiya planlarında, xəritələrində, digər normativ-texniki sənədlərdə Azərbaycan Respublikasının dövlət sərhədlərinin, ərazilərinin və obyektlərinin qanuni və düzgün çəkilişinə nəzarət etmək;
geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən aparılan geodeziya işlərinə və hazırlanan materiallara nəzarət etmək;
geodeziya və kartoqrafiya sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının mənafeyini müdafiə etmək;
geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb etmək.
Maddə 11. Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti
Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:
geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlərə əməl edilməsi;
geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının dövlət qəbulu, uçotu və qeydiyyatı;
geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı avadanlıq və cihazların ticarət dövriyyəsinə daxil edilməsi, idxalı, ixracı və uçotu;
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondunun saxlanması və istifadəsi;
dövlət geodeziya-istinad məntəqələrinin mühafizəsi.
Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Maddə 12. Geodeziya və kartoqrafiya fəaliyyəti növləri
Geodeziya və kartoqrafiya fəaliyyəti əhəmiyyətindən asılı olaraq dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərindən ibarətdir.
Təsvirində və ya məzmununda dövlət sirrinə aid məlumatlar olan, ölkənin müdafiəsi, təhlükəsizliyi və strateji maraqları ilə bağlı geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti növləri dövlətəhəmiyyətli işlər hesab edilir.
İqtisadiyyatın müxtəlif sahələri üzrə hüquqi və fiziki şəxslərin sifarişi ilə yerinə yetirilən elmi-texniki, mühəndis-axtarış və digər qeyri-məxfi geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti növləri xüsusi (sahəvi) təyinatlı işlər hesab edilir.
Dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işləri hazırlanan materialların və məlumatların məzmununa, miqyasına və dəqiqliyinə görə xüsusi əhəmiyyətli, tam məxfi,xidməti istifadə və qeyri-məxfi olur.
Dövlət əhəmiyyətli geodeziya, topoqrafiya və kartoqrafiya işlərini öz səlahiyyətləri daxilində yalnız müvafiq icra hakimiyyəti orqanları həyata keçirə bilərlər.
Xüsusi (sahəvi) təyinatlı qeyri-məxfi geodeziya, topoqrafiya və kartoqrafiya işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada geodeziya və kartoqrafiya fəaliyyətinəicazə verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
Dövlət əhəmiyyətli və xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya fəaliyyətinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 13. Geodeziya və kartoqrafiya fəaliyyətinin həyata keçirilməsi qaydaları
Geodeziya və kartoqrafiya fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Kartoqrafiya fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir[2]
Maddə 14. Geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlər
Geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlər geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində normativ və texniki tələbləri, norma və qaydaları müəyyən edir.
Geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlərin tələblərinə əməl olunması bütün geodeziya və kartoqrafiya fəaliyyəti subyektləri üçün məcburidir. Geodeziya və kartoqrafiya üzrənormativ-texniki sənədlər geodeziya, topoqrafiya, və kartoqrafiya materiallarının və məlumatlarının ekspertizası və mübahisəli məsələlərin həlli üçün əsasdır.
Geodeziya və kartoqrafiya üzrə normativ-texniki sənədlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.
Maddə 15. Azərbaycan Respublikasının operativ-məlumat xəritəsi
Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılmasının məqsədi topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin müntəzəm olaraq qeydiyyatınıaparmaq və bu dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirməkdir.
Azərbaycan Respublikasının operativ-məlumat xəritəsində normativ-texniki sənədlərə, geodeziya və kartoqrafiya məlumatlarına əsaslanmış aşağıdakı dəyişikliklər əks olunur:
Azərbaycan Respublikasının dövlət sərhədlərində olan vəziyyət;
respublika bölgələrinin, şəhərlərinin və digər yaşayış məntəqələrinin inzibati, coğrafi vəziyyəti və adları;
avtomobil və dəmir yolları;
dəmiryol stansiyaları, dayanacaqlar, yolayrıcılar, körpülər, hava və su limanları, onların adları və vəziyyəti;
su və su təsərrüfatı obyektləri, su elektrik stansiyaları, digər hidrotexniki qurğular;
magistral neft, qaz və su kəmərləri, enerji və rabitə üzrə kommunikasiyalar, elektrik ötürücü xətləri;
dövlət qoruqları, müvəqqəti qoruqlar, milli parklar, xüsusi qorunan torpaq, meşə və su obyektləri;
qanunvericilikdə nəzərdə tutulmuş digər yerüstü, yeraltı, suüstü və sualtı obyektlər.
Azərbaycan Respublikasının operativ-məlumat xəritəsi dövlət geodeziya və kartoqrafiya xidməti tərəfindən aparılır.
Hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinə daxil edilməli məlumatların dövlət geodeziya və kartoqrafiya xidmətlərinə təqdim edilməsi məcburidir.
Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Maddə 16. Geodeziya və kartoqrafiya fəaliyyətinin metroloji təminatı
Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının standartlaşdırılması, formatı, metroloji və terminoloji təminatı vahid ölçülərdə aparılır.
Geodeziya təyinatlı ölçmə vasitələrinin sınağı, geodeziya ölçmələrində vahidliyin təmin edilməsi, geodeziya, topoqrafiya və kartoqrafiya məhsullarının sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 17. Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı
Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı Azərbaycan Respublikası ərazisinin, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin təbii relyefi üzərində mövcud olan yerüstü, yeraltı, suüstü və sualtı obyektlərin yerləşməsini, həndəsi ölçülərini və səciyyəvi xüsusiyyətlərini əks etdirən məlumatlar toplusu olub vahid geoinformasiya sistemini təşkil edir.
Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı sahələrarası əhəmiyyət kəsb edən müxtəlif təyinatlı kadastrların (torpaq, su, meşə, inzibati-ərazi, informasiya, demoqrafiya vəs.) məlumatlarının əsasını təşkil edərək, onları əlaqələndirmək və xalq təsərrüfatını, elm, təhsil və tədris müəssisələrini aerokosmik, topoqrafik, elektron, ekoloji, digər geodezi məlumatlar, xəritələr vəcoğrafi informasiya sistemləri ilə təmin etmək məqsədilə aparılır.
Xalq təsərrüfatının sahələrarası kadastrlarını aparan orqanlar tərəfindən geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrına daxil edilməli məlumatların dövlət geodeziya vəkartoqrafiya xidmətinə təqdim edilməsi məcburidir.
Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrının məlumatları dövlət orqanlarının və bələdiyyələrin qərar qəbul etməsi üçün əsasdır.
Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq aparılır.
Maddə 18. Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin dövlət qəbulu
Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən geodeziya, topoqrafiya və kartoqrafiya işləri, normativ-texniki sənədlərin və şərti işarələrin tələblərinə uyğun yerinə yetirilməsini yoxlamaq məqsədilə, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qəbuluna təqdim edilir.
Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin qəbulu icraçı təşkilatlarla razılaşdırılmış iş planına əsasən aparılır.
Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin dövlət qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət geodeziya və kartoqrafiya nəzarəti haqqında əsasnaməyə uyğun olaraq həyata keçirilir.
Qəbul edilmiş geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin nəticəsi olan materiallar və məlumatlar dövlət qeydiyyatına təqdim olunur.
Maddə 19. Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının dövlət qeydiyyatı
Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının dövlət qeydiyyatı hazırlanmış materialların və məlumatların uçotunu aparmaq, istifadəsinə və saxlanmasına nəzarət etmək məqsədilə həyata keçirilir.
Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır.
Dövlət qeydiyyatına alınmış geodeziya və kartoqrafiya materiallarına və məlumatlarına onların mənşəyi və keyfiyyəti barədə sertifikat verilir.
Maddə 20. Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının istehsalı
Dövlət əhəmiyyətli geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin nəticəsi olan materialların və məlumatların istehsalı, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət geodeziya və kartoqrafiya xidmətinin müəssisələrində həyata keçirilir.
Xüsusi (sahəvi) təyinatlı qeyri-məxfi geodeziya və kartoqrafiya işlərinin nəticəsi olan materialların və məlumatların istehsalı müvafiq şəraiti və maddi-texniki bazası olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər müvafiq qaydada uçota alınırlar.
Geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının istehsalı zamanı dövlətin müdafiəsi, sirri və təhlükəsizliyi təmin olunur, patent sahibinin, müəlliflərin və mülkiyyətçilərin hüquqları qorunur.
Maddə 21. Geodeziya və kartoqrafiya materiallarının, məlumatlarının, xüsusi təyinatlı avadanlıq və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsi
Azərbaycan Respublikasında keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən, müvafiq qaydada dövlət qeydiyyatına alınmış, patent verilmiş və sertifikatlaşdırılmış geodeziya və kartoqrafiya materialları, məlumatları, xüsusi təyinatlı avadanlıq və cihazları ticarət dövriyyəsinə daxil edilə bilər.
Dövlət sirrini təşkil edən və ya dövlət sirrinin daşıyıcısı olan geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının Azərbaycan Respublikasından ixracı, bir qayda olaraq, qadağan edilir. Müstəsna hallarda belə materialların və məlumatların ixracı müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilə bilər.
Xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının idxalına və ixracına qanunvericiliklə müəyyən olunmuş qaydada nəzarət edilir.
Müvafiq icra hakimiyyəti orqanları idxalına və ixracına nəzarət edilən xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının müvafiq qaydada təsdiq edilmiş siyahılarla vəistifadəsi üzrə metodik sənədlərlə təmin edilir.
Azərbaycan Respublikasına idxal edilən xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqları və cihazları müvafiq qaydada uçota alınır.
Maddə 22. Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadə
Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından, o cümlədən Azərbaycan Respublikasının geodeziya və kartoqrafiya fondundan istifadə müvafiq qaydada təsdiq edilmiş təlimatlara uyğun olaraq həyata keçirilir.
Dövlət sirrini təşkil edən və ya dövlət sirrinin daşıyıcısı olan geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının yayılması, verilməsi və istifadəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. [3]
IV fəsil
GEODEZİYA VƏ KARTOQRAFİYA MATERİALLARININ VƏ MƏLUMATLARININ MÜHAFİZƏSİ
Maddə 23. Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondu
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fonduna ümumdövlət və sahələrarası əhəmiyyət kəsb edən materiallar və məlumatlar aid edilir.
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondu dövlət geodeziya və kartoqrafiya xidmətinin sərəncamında olur.
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondu barədə əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının dövlət arxivinə aid edilmiş Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondu qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlanılır.
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondunun materiallarının və məlumatlarının başqa şəxslərə verilməsi və surətinin çıxarılması müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının ərazisində geodeziya və kartoqrafiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən, habelə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin sifarişi ilə xarici ölkələrdə hazırlanmış materialların və məlumatların bir nüsxəsi, müəlliflik və mülkiyyət hüququ saxlanılmaq şərti ilə, qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fonduna verilməlidir.
Maddə 24. Geodeziya, kartoqrafiya və kadastr materialları və məlumatları üzərində müəlliflik hüquqlarının mühafizəsi
Geodeziya, kartoqrafiya və kadastr materialları və məlumatları üzərində müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.
Maddə 25. Geodeziya, kartoqrafiya və kadastr materialları və məlumatları üzərində mülkiyyət hüquqlarının mühafizəsi
Dövlət sifarişi hesabına hazırlanmış geodeziya, kartoqrafiya və kadastr materialları, məlumatları, geodeziya — istinad məntəqələri, habelə Azərbaycan Respublikasının dövlət geodeziya vəkartoqrafiya fondu Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.
Hüquqi və fiziki şəxslərin sifarişi ilə hazırlanmış geodeziya, kartoqrafiya və kadastr materialları və məlumatları həmin şəxslərin mülkiyyətidir.
Geodeziya, kartoqrafiya və kadastr materialları və məlumatları üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.
Maddə 26. Dövlət geodeziya-istinad məntəqələrinin mühafizəsi
Azərbaycan Respublikasının ərazisində yerləşən astronomik, geodeziya, nivelir və qravimetriya məntəqələri, yerüstü nişan və mərkəzləri, o cümlədən işıqlanan mayaklar, naviqasiya işarələri, digər mühəndis qurğularındakı geodeziya-istinad məntəqələri dövlət tərəfindən mühafizə edilir.
Dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsi, yenidən qurulması və yenilərinin quraşdırılması yalnız dövlət geodeziya və kartoqrafiya xidmətinin razılığı iləhəyata keçirilə bilər.
Ərazilərində dövlət geodeziya-istinad məntəqələri və ya yerüstü nişanları olan torpaq mülkiyyətçiləri, istifadəçiləri, habelə digər şəxslər həmin məntəqələrin və nişanların korlanması və məhv edilməsinə görə məsuliyyət daşıyırlar. Belə hadisələr baş verdiyi hallarda onlar dövlət geodeziya və kartoqrafiya xidmətinə məlumat verməli, habelə geodeziya-istinad məntəqələrində geodeziya vəkartoqrafiya işlərinin aparılması üçün lazımi şərait yaratmalıdırlar. [4]
Geodeziya-istinad məntəqələrinin yerləşdirilməsi üçün torpaq sahələrinin ayrılması və istifadə qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.
Geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.
V fəsil
GEODEZİYA VƏ KARTOQRAFİYA FƏALİYYƏTİNİN İQTİSADİ TƏNZİMLƏNMƏSİ
Maddə 27. Geodeziya və kartoqrafiya fəaliyyətinin maliyyələşdirilməsi
Dövlət sifarişi hesabına həyata keçirilən geodeziya, topoqrafiya, kartoqrafiya, kadastr işləri və dövlət geodeziya nəzarəti Azərbaycan Respublikasının büdcəsindən maliyyələşdirilir.
Geodeziya və kartoqrafiya işlərini elmi təminatı müvafiq elmi-tədqiqat, ixtisaslaşdırılmış ali və orta ixtisas müəssisələri tərəfindən həyata keçirilir və məqsədli proqramlar əsasında dövlət büdcəsi vəbüdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir.
Hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən geodeziya, topoqrafiya və kartoqrafiya işləri sifarişçilər tərəfindən maliyyələşdirilir.
Maddə 28. Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmələr
Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə aşağıdakı işlərə ödəmələr alınır:
materialların və məlumatların seçilməsinə, surətlərinin çıxarılmasına və istifadəyə verilməsinə;
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondundan istifadəyə;
geodeziya-istinad məntəqələrindən və mühəndis-texniki vasitələrdən istifadəyə;
yerin səthində, suda və fəzada yerləşən obyektlər barədə verilən məlumatlara;
qanunvericiliklə müəyyən edilmiş digər xidmət işlərinə.
Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
VI fəsil
GEODEZİYA VƏ KARTOQRAFİYA HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 29. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı
Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması ilə bağlanmış əqdlər etibarsızdır.
Maddə 30. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 31. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması ilə vurulmuş zərərin ödənilməsi
Fiziki və hüquqi şəxslər geodeziya və kartoqrafiya haqqında qanunvericiliyi pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər.
Maddə 32. Mübahisələrin həlli
Geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının yaradılması, istifadəsi və mühafizəsi ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 17 aprel 1998-ci il
№ 484-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 5 dekabr 2003-cü il tarixli 538-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 6)
2. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)
3. 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64)
4. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

________________________________________
[1] 5 dekabr 2003-cü il tarixli 538-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 6) ilə 8-ci maddənin 12-ci abzasında “coğrafi adların” sözlərindən sonra “dövlət dilinin normalarına uyğun olaraq” sözləri əlavə edilmişdir.

[2] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 13-cü maddəsinin ikinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Geodeziya və kartoqrafiya fəaliyyətinin xüsusi icazə tələb edən növləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

[3] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64) ilə 22-ci maddəsinin ikinci hissəsində “ötürülməsi” sözü “verilməsi” sözü ilə əvəz edilmişdir.

[4] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 26-cı maddəsinin üçüncü hissəsinin birinci cümləsində “geodeziya-istinad məntəqələri və nişanları olan torpaq mülkiyyətçiləri və istifadəçiləri” sözləri “dövlət geodeziya-istinad məntəqələri və ya yerüstü nişanları olan torpaq mülkiyyətçiləri, istifadəçiləri, habelə digər şəxslər” sözləri ilə əvəz edilmişdir.