Nizamnaməsi

AZƏRBAYCAN  RESPUBLİKASI

 DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ

DÖVLƏT AEROGEODEZİYA MÜƏSSİSƏSİNİN

N İ Z A M N A M Ə S İ

BAKI-2002-ci il

 

    

 

 

Azərbaycan Respublikası

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin

 Dövlət Aerogeodeziya Müəssisəsinin

NİZAMNAMƏSİ

(yeni redaksiyada)

 

I. Ümumi müddəalar:

  1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsi (bundan sonra Müəssisə) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir.
  2. Müəssisə 04.07.1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi  kollegiyasının qərarı ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Aerogeodeziya və Kadastr İstehsalat Birliyinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir.
  3. Müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, sərəncam, göstərişlərini və bu Nizamnaməni rəhbər tutur.
  4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsi respublikada geodeziya, topoqrafiya, kartoqrafiya, aerofotoplanalma və dəniz geodeziyası işlərini Azərbaycan Respublikasının «Geodeziya və Kartoqrafiya haqqında» qanununa əsasən həyata keçirən baş podratçı təşkilatdır.
  5. Müəssisənin mərkəzi aparatı və şöbələri onun vahid sistemini təşkil edirlər.
  6. Müəssisə öz fəaliyyətini dövlət və bələdiyyə orqanları ilə, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan təşkilatlarla qarşılıqlı əlaqəli qaydada həyata keçirir.
  7. Müəssisə hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü müvafiq ştamplara və blanklara malikdir.
  8. Müəssisənin aparatının və onun vahid sistemini təşkil edən şöbələrinin saxlanılması və maddi-texniki təminat xərcləri  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər sifarişçilərin vəsaiti və qanunvericiliyə zidd olmayan mənbələr hesabına maliyyələşdirilir. Müəssisə həmin vəsaitlərin sərəncamçısıdır.
  9. Müəssisənin ünvanı; Bakı şəhəri, Atatürk prospekti-70

 

II. Müəssisənin əsas vəzifələri.

 

  1. Dövlət Aerogeodeziya müəssisəsinin əsas vəzifələri aşağıdakılardır:

9.1.Müəssisə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sifarişi və başqa təşkilatlarla bağlanmış müqavilələr əsasında, müxtəlif sinifli  trianqulyasiya, nivelirləmə, şəhər, qəsəbə və digər yaşayış məntəqələrinin, eləcə də sənaye obyektlərinin tələb olunan miqyaslarda topoqrafik planalma, hərbi və dövlət əhəmiyyətli geodeziya ölçmə işlərinin yerinə yetirilməsi və Dövlət Geodeziya Şəbəkəsinin yaradılması və ona xidmətə dair texniki layihələrin hazırlanması və digər işlərin yerinə yetirilməsi üçün maliyyə planı, həmçinin ayrı-ayrı sifarişçilərin vəsaiti  hesabına müqavilə işlərinin yerinə yetirilməsinə smeta xərcləri tərtib edərək aşağıdakı işlərin yerinə yetirilməsini təşkil edir;

9.2.Dövlət topoqrafik xəritə və planlarının hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasının təmin edilməsini;

9.3.İstehsalat sahəsinə texniki-təsərrüfat rəhbərliyinin həyata keçirilməsini, istehsalat bölmələri tərəfindən yerinə yetirilən işlərə nəzarət edilməsini və onların qəbul olunmasını, naryad və hesabatlara baxılmasını və onların təsdiq edilməsini, əmək intizamının möhkəmləşdirilməsini;

9.4Yüksək dəqiqikli işlərdə proseslərin müasir standartlara uyğunlaşdırılmasını, əl işlərinin avtomatlaşdırılmasını əmək məhsuldarlığının artırılmasını və maya dəyərinin aşağı salınmasını;

9.5 Ayrı-Ayrı istehsalat işlərinin Həmkarlar Komimtəsi ilə razılaşdırılmış norma və qiymətlərinin tərtib edilməsi, işlərin yerinə yetrilməsinə texniki köməklik etmək məqsədi ilə təlimatların hazırlanması və onların təsdiq edilməsi üçün  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini;

9.6.Mövcud qanunvericiliyə uyğun olaraq rüblük və illik hesabatların (istehsalat, təsərrüfat və maliyyə fəaliyyəti haqqında) tərtib edilməsini və müvafiq orqanlara təqdim olunmasını;

9.7.Kadrların seçilməsini və yerləşdirilməsini, onların maddi cəhətdən həvəsləndirilməsini, əmək qanunvericiliyinə və əməyin mühafizəsinə əməl olunmasını, işçilərin texniki peşə vərdişlərinin artılılması üçün kursların təşkil edilməsini;

9.8.Qanunvericilikdə qadağan olunmayan digər vəzifələrin yerinə yetirilməsini.

III. Müəssisənin funksiyaları.

 

  1. Müəssisə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə    Komitəsinin sifarişi  və kənar təşkilatlarla bağlanan müqavilələrə əsasən aşağıdakı funksiyaları həyata keçirir;

10.1. Dövlət planları və müqavilə əsasında topogeodeziya,      aerofotoplanalma, mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirmək;

10.2. Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən  sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin redemarkasiyası və demorkasiyası işlərini yerinə yetirmək;

10.3. Respublikanın tektonik cəhətdən aktiv olan zonalarında yüksək dəqiqlikli geodeziya işlərini yerinə yetirmək;

10.4. Vahid koordinat və yüksəklik sistemində obyekt və sənaye komplekslərinin , şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, açıq ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik planların, xəritələrin təzələnməsini və çoxməqsədli topoqrafik planalmasını yerinə yetirmək;

10.5. Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya və digər işlərini yerinə yetirmək;

10.6. Torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinad şəbəkəsinin yaradılması, topogeodeziya və kadastr plan və xəritələrinin tərtibatı  işlərini yerinə yetirmək;

10.7. Nəhəng enerji öbyektlərində, mühəndis-texniki qurğuları üzərində yüksək dəqiqlikli geodeziya ölçmələrini yerinə yetirmək;

10.8.Şəhərlərin və rayonların,diqər yaşayış məntəqələri sərhədlərinin və qələcək inkişaf perspektivlərin təyin edilməsi üçün xüsusi topoqrafik xəritələrin hazırlanması;

10.9.Kosmik şəkilərdən istifadə edərək xəritəcəkmə işlərini təşkil etmək.

10.10.Yeni texnika və texnoloqiyanı istehsalata tətbiq etmək;

10.11.Sahə standartlarına uyğun olaraq topoqeodeziya təlimatlarını     hazırlamaq və sərəncamında olan texnika avadanlıqların təmiri işlərini aparmaq;

10.12.Bütün işləri müəyyən olunmuş qaydada  təsdiq edilmiş lahiyə-smeta  sənədlərinə uyğun yerinə yetirmək;

10.13.Respublika ərazisində yerləşən dövlət geodeziya şəbəkələrinin ardıcıl olaraq yoxlanması, yeniləşdirilməsi və yararlı vəziyyətdə saxlanmasını təmin etmək;

10.14.Dəniz şelfinin müxtəlif miqyaslarda plana alınması;

10.15.Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində beynəlxalq təşkilatlarla,xarici ölkələrlə texniki əməkdaşlıq edilməsi,onların təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi,qanunvericilikdə nəzərdə tutulmuş qaydada xarici ölkələrin ərazisində topoqeodeziya və kartoqrafiya işlərinin aparılması;

10.16.Qanunvericilikdə müəyyən edilmiş qaydada Müəssisə, işlərinin   attestasiyasının keçirilməsi,kadrların hazırlanması və ixtisaslarının artırılması tədbirlərinin həyata keçirilməsi;

10.17.Qanunvericilikdə müəyyən olunmuş qaydada kargüzarlıq işini təşkil edir və öz vəzifələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər   funksiyaları həyata  keçirir.

 

 

                             IV .Müəssisənin  hüquqları.

 

11. Müəssisə öz  vəzifə və  fuksiyalarını həyata keçirmək üçün aşağıdakı   huquqlara malikdir:

11.1.Qanunvericilikdə müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan   məsələlərə dair texniki normativ sənədlər qəbul etmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə  təkliflər vermək;

11.2.Müəssisə, ona verilən istehsalat tapşırıqlarına, bağlanmış müqavilələrə    əsasən Azərbaycan Respublikası ərazisində və eləcə də xarici ölkələrdə əməliyyatlar apara bilər və Nizamnamə fəaliyyətinə müvafiq maliyyə əməliyyatlarının aparılması üçün valyuta hesabı açmaq hüququna malikdir;

11.3 Zərurət yarandıqda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə müəssisə, respublikanın bölgələrində özünün struktur idarələrini yarada bilər.

11.4 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həvalə olunmuş digər hüquqları həyata keçirmək.

 

 

                          V.Müəssisənin əmlakı  və pul  vəsaiti.

 

 

12.Müəssisənin əmlakını onun əsas fondları, dövriyyə vəsaitləri və balansında olan  başqa qiymətli  məmulatlar təşkil edir.

Müəssisənin nizamnamə kapitalı 447653185(dörd yüz qırx yeddi milyon altı   yüz əlli üç min yüz səksən beş) manat təşkil edir.

12.1.Müəssisə başqa idarə,müəssisə və təşkilatlara öz öhdəçiliyi üzrə   hesablaşmaları nəğd pulla və yaxud bank vasitəsi ilə nəğdsiz hesablaşma yolu ilə apara bilər.

12.2.Müəssissə maliyyə və təsərrüfat fəaliyyətini mövcud qanunvericilik     aktlarına və normativlərinə əsasən həyata keçirilir.

12.3. Müəssisənin maliyyə göstəricisi mənfəətdir.

 

                      VI.Müəssisənin  fəaliyyətinin təşkili.

 

13.Müəssisəyə Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin sədri tərəfində  vəzifəyə təyin edilən və vəzifədən azad edilən  direktor rəhbərlik edir.

13.1.Müəssisənin direktoru müəssisəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13.2.Müəssisə direktorunun təqdimatı ilə Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin sədri ,müəssisəyə baş mühəndis, direktor müavini və baş mühasitb təyin və azad edir;

13.3.Müəssisənin direktoru:

13.3.1.Dövlət   Torpaq   və   Xəritəcəkmə   Komitəsinin   sədri və  kollegiyası qarşısında hesabat verir və vahid rəhbərlik prinsipinə müvafiq olaraq  müəssisənin   bütün istehsalat və maliyyə fəaliyyətini təşkil edir və onun düzğün aparılmasına cavabdehlik daşıyır,xususi ilə:

  • Dövlət sifarişi əsasında işlərin yerinə yetirilməsinə;
  • İstehsalat bölmələrində ğörülən işlərin keyfiyyətinin yüksəldilməsinə;

Əmək məhsuldarlığının  artırılmasına, istehsalın səmərəli təşkil edilməsinə, işlərin düzğün normalaşdırılmasına və əmək haqqı sisteminə;

  • Müəssisənin fəaliyyətində dövlət qanunçuluğuna və əmək intizamına əməl olunmasına;
  • Sistematik olaraq işçilərin mədəni, məişət və mək şəraitinin yaxşılaşdırılmasına, mütəxəssislərin işğüzarlıq və texniki səviyyəsinin yüksəldilməsi üçün tədbirlərin həyata keçirilməsinə;
  • Müəssisənin maliyyə vəziyyətinin  möhkəmləşdirilməsinə,material ehtiyatlarına və pul vəsaitinə qənaət edilməsinə;       

13.3.2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müəyyən etdiyi əmək haqqı fondu və ştat vahidlərinin say həddi daxilində müəssisənin aparatının və istehsalatının strukturunu və ştat cədvəlini, saxlanılması xərclərinin smetasını müəyyən edir;

13.3.3. Müəssisənin aparatının və istehslatının şöbə rəislərini və işçilərini müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirləri görür;

13.3.4. Öz səlahiyyətləri daxilində müəssisənin aparatının, şöbələrinin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icra olunmasını təşkil edir və yoxlayır;

13.3.5. Öz səlahiyyətləri daxilində müəssisənin əmək haqqı fondu və start vahidləri həddində qanunvericilikdə müəyyən olunmuş qaydada şöbələr, idarələr, bölmələr və digər qurumlar yaradır, yenidən təşkil və ləğv edir;

13.3.6. Müəssisədə kargüzarlığın operativ, dəqiq və düzgün aparılmasını, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət sirrinin saxlanılmasını təmin edir;

13.3.7. Müəssisədə ilkin uçot və hesabatı təşkil edir, mühasibat uçotu və hesabat işlərinin düzgün aparılmasına nəzarət edir;

13.3.8. Qanunvericilikdə müəyyən olunmuş qaydada müəssisənin maliyyə vəsaiti və əmlakından istifadəyə sərəncam verir;

13.3.9. Dövlət və bələdiyyə orqanlarında içtimai birliklərdə müəssisə, idarə və təşkilatlarda, məhkəmələrdə müəssisəni təmsil edir, müəssisənin adından vəkalətnaməsiz çıxış edir, vəkalətnamələr verir, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə sərbəst olaraq, xarici hüquqi və fiziki şəxslərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə müqavilələr bağlayır, bankda hesablaşma hesabı və başqa hesablar açır;

13.3.10. Müəyyən olunmuş qaydada xüsusilə fərqlənmiş işçilərin fəxri adlara və dövlət mükafatları ilə tərtib olunmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında vəsadət qaldırır;

13.3.11. Müəssisədə attestasiya komissiyasını təşkil edir;

13.3.12. Qanunvericiliyə uyğun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həvalə etdiyi digər səlahiyyətləri həyata keçiri;

13.4. Müəssisənin direktoru və baş mühəndisi istehsalat prosesinin düzgün aparılmamasına görə eyni səviyyədə cavabdehlik daşıyır;

13.5. Bütün pul sənədlərinə, maddi əmlak, əmtəə materialları və başqa qiymətli əşyalara dair sənədlər, eləcə də başqa təşkilatlarla kredit və hesablaşma sənədlərinə müəssisənin direktoru və baş mühasibi və ya onları rəsmi əvəz edən şəxslər tərəfindən imza edilir;

13.6. Hər bir şöbənin və istehsalat bölməsinin fəaliyyəti və iş planı mövcud qanunvericiliyə müvafiq olaraq bu Nizamnaməyə uyğun tərtib edilir.

 

VII. Müəssisənin yenidən təşkili və ləğvi.

 

  1. Müəssisənin yenidən təşkili və ləğv olunması Azərbaycan Respublikasının mülkü məcəlləsinə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.