Haqqında

Dövlət Aerogeodeziya müəssisəsi SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən 16 saylı müəssisənin varisidir.

Azərbaycan Respublikası Prezidentinin 18.04.2001-ci il tarixli, 460 saylı fərmanı ilə Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilmiş və iki komitənin əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.Dövlət Aerogeodeziya Müəssisəsi, Azərbaycan Respublikası Prezidentinin 06.09.2001-ci iı tarixli, 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərkibinə daxil edilmişdir.

Lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 saylı fərmanı ilə ləğv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14.09.2015-ci iı tarixli 594 saylı fərmanı ilə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılmışdır.

Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmuş Dövlət Aerogeodeziya Müəssisəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin tabeliyinə verilmişdir.

Dövlət Aerogeodeziya müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərar və sərəncamlarına, eləcə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin əmr, göstəriş, sərəncamlarına və Nizamnaməyə əsaslanır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin geodeziya, topoqrafiya, kartoqrafiya, aerofotoplanalma və dəniz geodeziyası işlərini Azərbaycan Respublikasının «Geodeziya və Kartoqrafiya haqqında» qanununa əsasən həyata keçirən baş podratçı təşkilatdır.

Dövlət Aerogeodeziya müəssisəsi Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona fəaliyyətinin nəticələri haqqında hesabat verir.

Dövlət Aerogeodeziya Müəssisəsi hüquqi şəxsdir.

Müəssisə aparatının və onun vahid sistemini təşkil edən şöbələrin saxlanılması və maddi-texniki təminat xərcləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi və digər sifarişçilərin vəsaiti və qanunvericiliyə zidd olmayan mənbələr hesabına maliyyələşdirilir.

Müəssisənin ünvanı: Bakı şəhəri, Atatürk pr.-70,

tel: 561-71-17, 561-82-44

faks: 561-84-00

 Müəssisənin  yaranma tarixi

          Geodeziya və Xəritəçəkmə fəaliyyəti hər  zaman bütün  dövlətlərin ən  müxtəlif istiqamətlərdə  mühüm rolu olan fəaliyyət növlərindən sayılmışdır.

Hər bir ölkənin dövlət  sərhədlərinin  delimitasiyası, demarkasiyası və redemarkasiyası yüksək dəqiqlikli geodeziya ölçmələrinin nəticəsinə istinadən müvafiq təyinatlı xəritələr üzərində əks etdirilir. Ölkənin  müdafiəsinin, milli təhlükəsizliyinin, neft-qaz sənayesinin, kənd təsərrüfatının, şəhərsalma, nəqliyyat və digər bir çox sahələr üzrə inkişafında geodeziya və kartoqrafiya fəaliyyətinin rolu danılmazdır.

Bu gün fəaliyyətdə olan bu müəssisə Ulu öndərimiz Heydər Əliyevin uzaq görən siyasətinin bariz nümunəsidir.

Yuxarıda, qısa şəkildə sadalanan geodeziya və kartoqrafiya fəaliyyətinin hələ SSRİ dövründə Azərbaycan SSR üçün nə qədər əhəmiyyət daşıdığını nəzərə alaraq, o zaman Azərbaycanın yenicə rəhbəri təyin olunmuş,  Heydər Əliyev Respublikada bu xidmət sahəsinin yaradılmasını zəruri saymış və məsələni SSRİ Nazirlər Soveti qarşısında qaldıraraq 1970-ci ildə müsbət həllinə nail olmuşdur.

Azərbaycan SSR-də geodeziya, topoqrafiya işlərinin inkişaf etdirilməsi məqsədi ilə Mərkəzi Komitənin və SSRİ Nazirlər Sovetinin 23 iyul 1970-ci il tarixli, 602 №-li Qərarına əsasən, SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya  Baş İdarəsinə Bakı şəhərində 16 №-li müəssisənin  yaradılması həvalə edilmişdir.

SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 10 avqust 1970-ci il tarixli 199 №-li əmrinə əsasən Azərbaycan SSR-də geodeziya, topoqrafiya və kartoqrafiya işlərini inkişaf etdirmək məqsədi ilə  Bakı şəhərində  16 №-li Müəssisə yaradılmışdır.

Yarandığı dövrə qədər, Respublikada heç bir formada mövcud olmayan xidmət sahəsinin yaradılması, böyük məsuliyyət və iradə  tələb edirdi.

Belə ki, yeni yaradılan Geodeziya və Xəritəçəkmə xidməti spesifik sahə  olduğuna görə, onu dislokasiya məkanları, xüsusi geodeziya ölçmə alətləri, avtomobillərlə təmin etmək və  ən  başlıcası isə   mütəxəssislərlə təmin etmək o zamanlar üçün  olduqca çətin olan məsələləri  meydana çıxarırdı. İlk vaxtlar kadrlar keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən  gəlir, bir az işlədikdən sonra  vətənlərinə  qayıdırdılar. Beləliklə kadr axını qarşısıalınmaz prosesə  çevrilirdi.

Ulu Öndərin təşəbbüsü ilə keçmiş İttifaqın Moskva, Novosibirsk, Kiyev və başqa  şəhərlərinə geodeziya, topoqrafiya   və  kartoqrafiya ixtisasları üzrə təhsil almaq üçün gənclər göndərilirdi ki, onlar da həmin ixtisaslar üzrə təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq, yeni yaranmış geodeziya və xəritəçəkmə xidmətinin kadrlara  olan tələbatını müvəffəqiyyətlə ödəyirdilər. Bundan başqa qısa zamanda Azərbaycanın təhsil ocaqlarında geodeziya, topoqrafiya və kartoqrafiya ixtisası üzrə müvafiq fakultələrin, kafedralarının yaradılması və yerli gənclərin bu  ixtisaslara yiyələnərək, geodeziya və xəritəçəkmə sahəsinə üz tutmaları sahənin gələcək inkişafını təmin etmiş və İttifaqın digər  şəhərlərindən gələn mütəxəssislərdən  asılılığını tamamilə aradan qaldırmışdır.

Qısa bir müddətdə, SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya  Baş İdarəsinin  Bakı  şəhərində  yerləşən 16 №-li Müəssisəsi Azərbaycan rəhbərliyinin əməli dəstəyi  nəticəsində geodeziya və kartoqrafiya  fəaliyyəti üzrə Baş İdarə  tabeliyində olan müəssisə və təşkilatlarını demək olar ki, bütün komponentlər üzrə istehsalat tapşırıqlarının yerinə yetirilməsində geridə qoyaraq  qabaqcıl müəssisələr sırasına daxil olmuşdur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bütün sahələr kimi geodeziya və kartoqrafiya sahəsi də SSRİ Nazirlər Soveti yanında Baş geodeziya və kartoqrafiya idarəsinin tabeliyindən azad olundu və onun bazasında Azərbaycan Respublikasının Dövlət Geodeziya və  Kartoqrafiya Komitəsi yaradıldı.

Müstəqilliyimizin ilk illərində respublikamızın qarşılaşdığı çətinliklər həm iqtisadi həm də siyasi vəziyyəti geodeziya və kartoqrafiya sahəsinə də mənfi təsir göstərdi.

Müstəqillik atributlarımızın demək olar ki, deklarativ mövcud olduğu bir dövr idi, onların sözün əsl mənasında mövcud olmaları üçün qabaqda hələ çox ağır və məsuliyyətli işlərin görülməsi tələb olunurdu.

1970-ci ildən 2001-ci ilədək olan zaman kəsiyində Azərbaycan geodeziya və kartoqrafiyası 16 №li Müəssisə, “Azərbaycan aerogeodeziya” İstehsalat Birliyi və Azərbaycan Respublikasının Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi statusunadək böyük bir inkişaf yolu keçmişdir.

2001-ci ilin 18  aprel tarixindən isə Azərbaycan Respublikası Prezidentinin 460 №-li Fərmanına əsasən  Azərbaycan Respublikasında  həyata keçirilən iqtisadi islahatların tələbinə uyğun olaraq, Dövlət orqanlarında, nazirlik və komitələrdə aparılan struktur dəyişiklikləri nəticəsində, o zamankı Dövlət Torpaq  Komitəsi ilə Dövlət Geodeziya və Kartoqrafiya Komitələri birləşdirilərək yeni – Azərbaycan Respublikası  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.
2015-ci ilin 05 fevral tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin 453 saylı fərmanı ilə ləğv edilmiş və
komitənin ləğvindən sonra Azərbaycan Respublikası Prezidentinin 14.09.2015-ci iı tarixli 594 saylı fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılmışdır. Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmuş Dövlət Aerogeodeziya Müəssisəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin tabeliyinə verilmişdir.

Ölkəmizdə vüsət alan dövlət quruculuğu, Azərbaycan Respublikasının sürətli inkişafı Beynəlxalq və Regional layihələrin həyata keçirilməsi geodeziya və xəritəçəkmə fəaliyyətinin əhəmiyyətini bir daha açıq göstərir. Bu məqamda, ölkəmizin sərhədlərinin müəyyən edilməsində, Milli orduda və digər güc strukturlarında, Beynəlxalq statuslu hava limanlarımızda, Dəniz Limanında, su-elektrik stansiyalarımızda, neft və qaz kəmərlərinin tikintisində geodeziya və xəritəçəkmə  işlərinin Milli kadrlarımızdan ibarət olan dövlət icra orqanı tərəfindən yerinə yetirilməsi olduqca vacib amildir.

Göstərilən işlərin beynəlxalq standartlara uyğun yerinə yetirilməsi üçün, komitədə çalışan işçilərin mütəmadi olaraq elmi-texniki savadlarını artırması, qabaqcıl  texnika və texnologiyanın alınması və istehsalata tətbiq edilməsi Komitə rəhbərliyinin müəyyən  etdiyi prioritetlərdir.

Artıq bu ğün tarixə kiçik ekskurs edərkən geodeziya və kartoqrafiya sahəsinin gənc müstəqil dövlətimizi dövlət dilimizdə xəritələrlə təmin etdiyinin, qonşu dövlətlər ilə dövlət sərhəldərinin (su və quru) delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərinin həyata keçirdiyinin, yeni yaradılmış ordumuzu müxtəlif miqyaslı topoqrafik xəritələrlə təmin etdiyinin, milli və dövlət təhlükəsizliyimizin mühafizəsinin tələblərini ödəyən xəritələrin hazırlandığının, xalq təsərrüfatının digər sahələrinin inkişafında əvəzsiz rolu olan geodeziya və kartoqrafiya sahəsinin inkişaf etdiyinin şahidi oluruq.

Azərbaycanın müstəqillik dövründə bütün sahələr üzrə sürətli inkişafı geodeziya və xəritəçəkmə sahəsindən də yan keçməmişdir. Belə ki, geodeziya və xəritəçəkmə sahəsi hər an dəyişən dünyada qabaqcıl texnika və texnologiyalara yiyələnərək bu sahə üzrə bazarda öz mövcüdluğunu və rəqabətədavamlılığını qoruyub saxlaya bildi.

1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin müqaviləsi» Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olan bir vaxtda imzalandı. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür belə yox idi. « Əsrin müqaviləsi»-nin imzalanması ilə  yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.

Bu dövrdə Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi bu işlərlə məşğul şirkətləri lazım olan bütün xəritə və geodeziya materialları ilə təmin etmişdir.

Layihə çərçivəsində neftin nəql edilməsi üçün «Bakı-Supsa» kəmərinin yenidən qurulması işlərində və eyni zamanda «Əsrin müqaviləsi» çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün «Bakı-Tbilisi-Ceyhan» neft kəmərinin inşa edilməsi işlərində inşaatı həyata keçirən şirkətlərə Dövlət geodeziya şəbəkəsinə bağlanmasında, topoqrafik planaalma işlərində yaxından iştirak etmişdir.

Yaponiya dövlətinin «JİCA» şirkətinin Azərbaycan Hökümətinə yardım layihəsi çərçivəsində ən son texnalogiyalardan istifadə edərək MDB ölkələri arasında ilk dəfə olaraq, Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən 1:50 000 miqyasında rəqəmsal xəritəsinin hazırlanması işlərinə start verilmişdir. Bu layihə zamanı Respublikamızın 65 000 kv.km ərazisinin 1:40 000 ortofotoplanları hazırlanmış, 1:50 000 miqyaslı xəritələr yeniləşdirilmiş, ilk dəfə olaraq latın qrafikasında çap olunmuşdur.

Geodeziya sahəsində yeni alətlər alınmış, GPS texnalogiyalarından istifadə genişlənmişdir.

Azərbaycan Respublikasının Geodeziya şəbəkəsinin «0» sinifli nöqtələrində GPS alətindən istifadə edərək müşahidələr aparılmış bu şəbəkə Ümümdünya GPS şəbəkəsinə bağlanmışdır. Bütün bu işlər Respublikamızda uğurla həyata keçirilən Neft Strateğiyası sahəsində Azərbaycanda işləyən xarici kompaniyaları müasir avropa standartlarına cavab verən xəritə materialları ilə təmin etmək üçün imkan yaratmışdır.

Nümunə olaraq «Bakı-Ələt-Astara», «Bakı-Rusiya dövlət sərhəddi», «Bakı dairəvi» yol və yol qovşaqlarının çəkilməsində geodeziya-topoqrafiya işlərinin, «Bakı Beynəlxalq Aeroportu», «Naxçıvan Beynəlxalq Hava Limanı», «Gəncə Beynəlxalq Hava Limanı» obyektlərində Beynəlxalq Aviasiya şirkətləri (İKAO) tələblərinə uyğun geodeziya-topoqrafiya işləri, yeni neft yataqlarının geofiziki axtarışı zamanı geodeziya işlərinin bir çox xarici şirkətlərlə rəqabətdən qalib çıxaraq, məhs bizim tərəfimizdən yerinə yetirilməsi geodeziya və kartoqrafiya sahəsinin hal-hazırki inkişaf səviyyəsindən xəbər verir. Əlbəttə istehsalatda, xüsusilə geodeziya və kartoqrafiya sahəsində inkişaf tempinin zəifləməsinin qətiyyən yolverilməz olduğunu anlayırıq, əks halda sahə qaçılmaz tənəzzülə uğraya bilər. Ona görə də respublikamızda mövcud olan münbit şəraitdən və dövlət başçımız cənab İlham Əliyev tərəfindən göstərilən qayğılardan yararlanaraq  geodeziya və kartoqrafiya sahəsinin inkişafında yeni nailiyyətlərin əldə edilməsi prioritetlərimizdəndir.

Əvvəllər əl ilə və ya köhnə mexaniki alət və cihazlarla aparılan geodeziya ölçmə işləri hal hazırda Peyk-naviqasiya sistemləri və digər elektron cihazların köməyi ilə daha dəqiq yerinə yetirilir, müxtəlif miqyaslı və təyinatlı xəritələr kompyuterlərlə müvafiq proqramların köməyi ilə hazırlanır. Həm də bu xəritələr yeni nəsil-rəqəmli xəritələrdir ki, bunlar da müasir dövrün tələbləridir.

Bu illər ərzində geodeziya və kartoqrafiya sahəsi aşağıdakı işləri yerinə yetirmişdir:

- Yaponiya Hökümətinin qrantı əsasında Azərbaycan Respublikası ərazisinin   1:50 000 miqyasda ümumcoğrafi xəritəsinin yapon mütəxəssisləri ilə birgə hazırlanması

- Bakı şəhərində nəqliyyatın intellektual idarəedilməsi layihəsi çərçivəsində koreya şirkətini geodeziya və topoqrafiya materialları ilə təmin etmək

- «Milli su və kanalizasiya sistemləri təchizatı» layihəsi çərçivəsində Azərbaycan Respublikası rayonlarının 1:2000 miqyasda topoqrafik planlarının hazırlanması

- 2010-cu ildə Kür və Araz çaylarının daşması zamanı bəzi yaşayış məntəqələrinin selbasması və bir çox yaşayış məntəqələrinin isə selbasması ilə üz-üzə qalan zaman Arazın tarixi məcaraya yönədilməsi üçün koordinatların hesablanması

- ATƏT-in faktaraşdırıcı missiyasını ermənilərin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərdə məskunlaşması faktlarını subut edən xəritə materiallarının kosmik şəkillər əsasında hazırlanması

- Azərbaycan Respublikasının Peyk-geodeziya istinad şəbəkəsinin qurulması

- Azərbaycan Respublikası şəhərlərinin, rayon mərkəzlərinin, qəsəbələrinin və digər iri yaşayış məntəqələrinin 1:2000 və 1:5000 miqyaslı topoqrafik planlarının hazırlanması

- Şəhidlər Memorial kompleksi və Nərimanov prospektində sürüşmə və çökmə hallarına geodeziya nəzarəti,

Hal hazırda Dövlətin və Hökumətin göstərdiyi qayğılar nəticəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya Müəssisəsi geodeziya və kartoqrafiya  sahəsi üzrə istehsal etdiyi məhsullara və müasir durumuna görə keçmiş SSRİ respublikaları arasında ön sıralarda yer  alır. İstehsal etdikləri xəritələr və yerinə yetirdikləri geodeziya-topoqrafiya işləri beynəlxalq standartlara tam  cavab verir.

Geodeziya və  kartoqrafiya sahəsində çalışan işçilərin sayı 300, onlardan mütəxəssislərin sayı 200 nəfərdir.

Fəxr ediləcək fakt isə ondan ibarətdir ki, bu işçilərin 75-80 faizinin əmək kitabçasında tək iş yeri – geodeziya və kartoqrafiya sahəsi göstərilmişdir. İllərdən  bəri  bu sahədə peşənin  təcrübəli işçilər tərəfindən gənclərə öyrədilməsi ənənəsi davam edir ki, bu da istehsalata öz  töhfəsini verir.